- Ünvanlı sosial yardım almaq
Aşağıdakı şəxslərin ünvanlı sosial yardım almaq hüququ vardır:
- birinci dərəcə əlilliyi olan şəxsə qulluq edən ailə üzvü
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən ailə üzvü
- Əmək Məcəlləsi ilə bağlı güzəştlər
Sağlamlıq imkanları məhdud uşağı olan qadınlara tibbi rəy əsasında ərizə ilə müraciət etdikdə, natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilə bilər.
Sağlamlıq imkanları məhdud uşağı olan qadınlara 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində aşağıdakı əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır:
- a) müəssisə ləğv edildikdə;
- b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
- d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
- e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan işçilərə ödənişsiz məzuniyyət – 14 təqvim gününədək.
- Vergi güzəştləri
Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
Məsələn: aylıq gəlir 500 manatdır 100 manat məbləğində azaldılır 400 manatdan gəlir vergisi çıxılır. 500-100= 400 400*14/100= 56 . 56 manat gəlir vergisi.
Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.13 bəndinin tələblərinə əsasən qeyd edilən vergi güzəşti üçün aşağıdakılar tələb olunur:
- daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadəkuşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
- uşağın doğulması haqqında şəhadətnamənin surəti:
- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumununarayışı;
- Övladlığa götürmə barədə məhkəmə qərarının surəti;
Təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividentlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla vergidən azaddır.
Məsələn: xüsusi təhsil müəssisinin mənfəəti 1000 manatdır. Təsisçiyə 500 manat divident ödəniləcək və bu məbləğdən 20 % mənfəət vergisi tutulur. 500- 500*20/100= 400. Dividentin ödənilməsinə yönəldilməyən 500 manatdan isə vergi tutulmur.
Əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Məsələn: Əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisəsinin aylıq mənfəəti 1000 manatdır. 20% mənfəət vergisi 50% azaldılaraq 10 % məbləğində hesablanır. Yəni 1000 manat mənfəətdən 200 manat deyil 100 manat mənfəət vergisi tutulur. 1000*10/100= 100.
Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli əmlak vergisi istisna olmaqla), dövlət fondları və əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.
Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.
Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.
Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, onların yerli şöbələri, idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri dövlət mülkiyyətində olan binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər.
Ər və arvad bir-birinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda 18 yaşından yuxarı I dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan, habelə onların arasından olan, ciddi tərbiyə şəraitinə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.