ƏLİLLİYİN MÜƏYYƏN OLUNMASI MÜDDƏTLƏRİ

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir;

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır;

“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.