Aşağıdakı səbəblərlə əlilliyi olan şəxslər pulsuz minik avtomobili ilə təmin olunurlar:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
- hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
Əlilliyi olan şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na 2 nömrəli əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.
Əlilliyi olan şəxslərə dərman preparatları tibb müəssisənin resepti əsasında verilir. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər.
Əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.
Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.
İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.
Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərin əlilliyi müddətsiz müəyyən edilir.
Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
Əlillik tibbi-sosial ekspertizanın nəticələrinə müvafiq qaydada qiymətləndirilir.
Əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
Əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.
Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
Qərar müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar 10 gündən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.
Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:
- Ümumi səbəblər:
- ümumi xəstəlik;
- istehsalat zədəsi;
- peşə xəstəliyi;
- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
- hərbi xidmət dövrü ilə əlaqədar;
- hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
- terror hadisəsi ilə əlaqədar;
- Xüsusi səbəblər:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
- hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
• Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
• I və II dərəcə əlilliyi olan işçilər üçün iş vaxtı həftə ərzində 36 saatdan artıq olmamalıdır.
• Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir.
• İşəgötürən tərəfindən əlilliyi olan şəxslərin işləməsi üçün əlilliyi olan şəxslər üçün iş yerlərinin standartlarına cavab verən iş yeri və iş şəraiti yaradılmalıdır;
• İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
• İşçilərin ixtisarı zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə üstünlük verilməlidir.
• Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
• Əlilliyi, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan şəxslərin ərizələri əsasında işəgötürən tərəfindən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilməlidir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün 36 saatdan artıq olmamalıdır.
• Əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
• Əlilliyin dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə ödənişsiz məzuniyyət -1 təqvim ayınadək.
• Əlilliyi olan şəxslərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
• Əmək məzuniyyəti əlilliyi olan şəxslərə öz arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.
• İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik sonunadək ödənilməlidir.
• İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyası üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.
• Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
• Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III dərəcə əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II dərəcə əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılması təmin edilir.
Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əlillik dərəcələri, əlilliyin səbəbləri, habelə onların başvermə müddəti Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müyyən edilir.
Əlilliyə görə əmək penisyalarının iki növü fərqləndirlir – ümumi əsaslarla əlilliyə görə əmək penisyaları və hərbi qulluqçular üçün əlilliyə görə əmək penisyaları.
Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər:
- müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
- hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə;
- Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxshesab edilirlər.
- Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində I və ya II dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.
- Əlilliyi müəyyən edilmiş müharibə veteranlarına əlavə bir torpaq payı verilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir.
- 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil və ya fərdi evlə təmin edilirlər.
- Mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə I dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu ödəmirlər.
- Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə üstünlük verilir.
- Əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər üçün mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
- Kvota şamil edilməyən müəssisələr:
- Dövlət orqanları;
- Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
- Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
- İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
- Hərbi qurumların, hüquq mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.
- Özünüməşğulluq tədbirlərində əlilliyi olan şəxslərə o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara üstünlük verilir.
- Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara üstünlük verilir.
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən əlillik «ümumi xəstəlik», hərbi xidmət dövründə xəstələnmə», əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar», “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə 2022-ci ilin yanvarın 1-dən aşağıdakə məbləğlərdə təyin edilir:
I qrup əlillərə — 220 manat
II qrup əlillərə — 180 manat
III qrup əlillərə — 120 manat
- Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən 2021-ci il yanvarın 1-dən təqaüdün aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:
- I qrup əlillərə -400 manat;
- II qrup əlillərə -350 manat;
- III qrup əlillərə -300 manat
Tələb olunan sənədlər:
- müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;
- Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulanların müharibə əlilliyi vəsiqəsinin surəti;
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üzrə tələb olunan sənədlər:
- müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;
- Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
“Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən 2021-ci il yanvarın 1-dən təqaüdün aylıq məbləği 130 manat məbləğində müəyyən edilib.
Tələb olunan sənədlər:
- müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış.
- Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 dekabr 2020-ci il tarixli Fərmanı ilə 1 yanvar 2021-ci il tarixdən təqaüdün aylıq məbləği 210 manat müəyyən olunub.
Əlilliyi olan şəxslərin reabilitasiya müalicəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” na müvafiq qaydada Fərdi Reabilitasiya Proqramı əsasında təmin edilir. http://e-qanun.az/framework/47276
Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.
Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.
TSEK əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji, ətraf mühit amillərinin, həyat fəaliyyətinin, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, əmək fəaliyyətinə başlama və ya davametmə, eləcə də reabilitasiya potensialını dəyərləndirir, reabilitasiya nəticələrinin proqnozlaşdırılmasını, əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələrini və xidmətini, o cümlədən sanatoriya-kurort müalicəsini müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili, maraq dairəsi və sosial statusu nəzərə alınır.
Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətlərini Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.
Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.
Fərdi proqramla müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.
Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş Fərdi proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitətələri ilə təchizatı ilə bağlı imtiyazları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” ilə müəyyən olunub. http://www.e-qanun.az/framework/46499
Reabilitasiya vasitələri ilə təmin edilmə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.
Yuxarıda göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini Şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.
Müraciət qəbul edilərkən və yaxud reabilitasiya vasitələrinin (minik avtomobili istisna olmaqla) hazırlanması üçün müvafiq ölçülərin götürülməsi zamanı ölçülərin götürülməsi və ya hazır reabilitasiya vasitəsinin alınması tarixi barədə Şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat verilir.
Şəxsin və ya onun qanuni nümayəndəsinin Mərkəzə gəlmək imkanı olmadıqda, reabilitasiya vasitəsi ona yaşayış yerində verilir.
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi müddətsiz müəyyən edildikdə həmin şəxslərə aylıq sığorta ödənişi məbləğləri cəm halda birdəfəlik ödənilir.
Sığorta olunanın əlilliyi, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası hüququ vardır. Annuitet – sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir.
Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:
- I dərəcə əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
- II dərəcə əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
- III dərəcə əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz.
Müharibə əlillərinə aşağıda qeyd edilən birdəfəlik sığorta ödənişi nəzərdə tutulmuşdur:
- I dərəcə əlilliyi olan şəxslərə – 8800 manat;
- II dərəcə əlilliyi olan şəxslərə – 6600 manat;
- III dərəcə əlilliyi olan şəxslərə – 4400 manat.
Əlilliyi müəyyən olunmuş şəxs əlillik dərəcəsi barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışını “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etdikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.
Ümumi məlumat
Əlilliyə görə sosial müavinət 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əmək pensiyası hüququ olmadıqda təyin edilir.
Əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Şəxs əmək pensiyası hüququ qazandıqda müavinət əmək pensiyası ilə əvəz edilir.
Əlilliyi olan şəxsin aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olduqda öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilər. Yəni, əgər əlilliyi olan şəxsin: 1) dövlət qulluqçularına ömürlük müavinət; 2) ailə başçısını itirməyə görə müavinət; 3) AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4) ailə başçısını itirməyə görə müavinət və 5) beşdən çox uşağa görə qadınlara müavinət almaq hüququ yaranıbsa, qeyd olunan müavinətlərdən yalnız birini seçmək hüququ vardır.
Burada yeganə istisna hal övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətlə bağlıdır. Əlilliyi olan şəxsin bu müavinəti almaq hüququ yarandıqda ona hər iki müavinət təyin edilir.
Təyin edilmə şərtləri
Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir və ödənilir.
Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ən geci 10 gün müddətində qərar qəbul olunur.
Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.
Tələb olunan sənədlər
Müavinət təyin olunması üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;
hərbi həkim komissiyasının qərarının surəti.
Əlilliyi olan şəxslər üçün 3 növ sosial ödənişlər nəzərdə tutulub:
- Əlilliyə görə əmək pensiyası
- Əlilliyə görə sosial müavinət
- Prezident təqaüdü
Əmək pensiyası şəxsin (sığortaolunanın) xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
Sosial müavinət şəxsin əlilliyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda təyin edilir.
Hər iki sosial ödəniş xəstəlik və ya xəsarət nəticəsində əqli və ya fiziki əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
Prezident təqaüdü müəyyən koteqoriya əlillər üçün nəzərdə tutulub.
Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir.
Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə yuxarıda qeyd edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş buna səlahiyyəti olan tibb müəssisələri tərəfindən verilir. Bu müəssisələrin siyahısı ilə aşağıdakı linkə daxil olmaqla tanış olmaq olar: https://its.gov.az/uploads/law/115/677573.pdf
Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır:
- şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;
- əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra – əlillik) müddətinin bitməsi;
- peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;
- şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başa çatma vaxtından əvvəl müayinəsi;
- əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması;
- xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.
Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına (bax: http://www.e-qanun.az/framework/31771) uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.
Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.
Şəxsin saglamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komis-siyasının rəyi qeyd olunur.
Doldurulmuş göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbi-həkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Protokolla rəsmiləşdirilmiş göndəriş 2 (iki) iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə (bundan sonra – Reyestr) daxil edilməlidir.
Göndəriş Reyestrə “Elektron hökumət” poltalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə müharibə səbəbilə istənilən dərəcə əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Misal: Müharibə səbəbilə əlilliyi olan şəxsin hər hansı muzdlu işdən aylıq gəliri 600 manat məbləğindədir. Aylıq gəlir 400 manat məbləğində azaldılır, nəticədə 200 manatdan gəlir vergisi tutulur. 600-400 =200 200* 14/100= 28 (14 % gəlir vergisi) 28 man gəlir vergisi.
I və II dərəcə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Misal: I və II dərəcə əlilliyi olan şəxsin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 500 manat məbləğindədir. Aylıq gəlir 200 manat məbləğində azaldılır, nəticədə 300 manatdan gəlir vergisi tutulur. 500-200=300 300*14/100=42 (14% gəlir vergisi) 42 man gəlir vergisi.
Əməkhaqqından tutulan vergi hesablanarkən əlilliyi olan fiziki şəxslərin sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4. bəndinə görə I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər qeyd edilən vergi imtiyazlarından istifadə etmək üçün 1) I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı; 2) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; 3) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışını təqdim etməlidirlər.
Həmin sənədin 1.9-cu bəndinə gprə isə müharibə əlili olmayan I və II qrup əlillər isə güzəşt hüququndan istifadə etmək üçün: 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışını və; 2) tibbi-sosial ekspert komissiyasının qərarını təqdim etməlidirlər.
Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır.