Əlilliyə görə sosial müavinət

Ümumi məlumat

Əlilliyə görə sosial müavinətlə bağlı münasibətlər əsasən 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasinin Qanunu ilə tənzimlənir. https://e-qanun.az/framework/11508

Əlilliyə görə sosial müavinət 18 yaşından yuxarı əlilliyi olan şəxslərə  əmək pensiyası hüququ olmadıqda təyin edilir.

Əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Şəxs əmək pensiyası hüququ qazandıqda müavinət əmək pensiyası ilə əvəz edilir.

Əlilliyi olan şəxsin aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olduqda öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilər. Yəni, əgər əlilliyi olan şəxsin:  1) dövlət qulluqçularına ömürlük müavinət; 2) AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 3) ailə başçısını itirməyə görə müavinət və  4) beşdən çox uşağa görə qadınlara müavinət almaq hüququ yaranıbsa, qeyd olunan müavinətlərdən yalnız birini seçmək hüququ vardır.

Burada yeganə istisna hal övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətlə bağlıdır. Əlilliyi olan şəxsin bu müavinəti almaq hüququ yarandıqda ona  hər iki müavinət təyin edilir.

 Təyin edilmə şərtləri

Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir və ödənilir.

Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ən geci 10 gün müddətində qərar qəbul olunur.

Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.

 

Tələb olunan sənədlər

Müavinət təyin olunması üçün aşağıdakı sənədlər tələb olunur:

  1. şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;
  3. hərbi həkim komissiyasının qərarının surəti.

 

Müavinətin məbləği

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən əlillik «ümumi xəstəlik», hərbi xidmət dövründə xəstələnmə», əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar», “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə 2022-ci ilin yanvarın 1-dən aşağıdakə məbləğlərdə təyin edilir:

I qrup əlillərə — 220 manat

II qrup əlillərə — 180 manat

III qrup əlillərə — 120 manat

 

  1. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət

Müddəti və məbləği

Müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci il yanvarın 1-dən müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

 

 

Tələb olunan sənədlər

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  3. Çernobıl AES qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərin qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşınadək uşaqlarına hər il müalicə üçün müavinət

Bu müavinət şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən ƏƏSMN tərəfindən qəbul edilmiş qərar təqdim edildikdə təyin edilir.

Tələb olunan sənədlər

  1. Şəxsiyyət vəsiqəsi
  2. Şəxsin radiasiya (Çernobıl AES) qəzasının ləğvində iştirak etməsini və həmin qəzadan zərər çəkməsini təsdiq edən əlillik haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
  3. Çernobıl AES qəzası iştirakçılarının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının tibbi-sosial ekspert komisiyyasının müayinə aktından çıxarış
  4. Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi

Müddəti və məbləği

Müavinət hər il müalicə üçün müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

Müvinətin məbləği 237 manat müəyyən edilmişdir.

 

 

  1. Dövlət qulluqçusuna ömürlük müavinət

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun  müavinət almaq hüququ vardır.

Müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edə bilər. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxılır.

Tələb olunan sənədlər

Müavinətin təyin edilməsi üçün şəxsin ərizəsi ilə birlikdə Fondun müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə aşağıdakı təsdiqedici sənədlər təqdim edilməlidir:

  1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
  2. əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti;
  3. əlillik, o cümlədənsağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda);
  4. dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.

Müddəti və məbləği

Müavinət ömürlük təyin edilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli qurumu tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Müavinət müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankdakı hesabına köçürülür. Müavinəti almaq hüququna malik olan şəxsə müraciətdən əvvəlki 3 aydan çox olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə bu Qaydaya əsasən hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

  1. Skleroz xəstəliyinə tutulmuş şəxslərə sosial müavinət

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən əlilliyi müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ vardır.

Dağınıq skleroz xəstəliyinə tutulmuş işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta aylıq əməkhaqqının məbləği əsasında hesablanır.

  1. Onkoloji xəstələrə sosial müavinət

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikasinin Qanunun 9-cu maddəsinə əsasən  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ vardır.

Onkoloji xəstələr üçün əlilliyin müəyyən olunması meyarlarına əsasən ilk növbədə əlilliyin dərəcəsi və səbəbi müəyyən olunmalıdır. Əlilliyin müəyyən olunması ücün səhiyyə müəssisəsi tərəfindən göndəriş (forma 88) alınmalı və Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət edilməlidir. Əlilliyə görə sosial müavinət təyin olunması üçün şəxs qeydiyyatda olduğu Əhalinin Sosial Müdafiə Mərkəzinə ərizə ilə müraciət etməlidir. Ərizəyə  əlavə olunur: şəxsiyyət vəsiqəsinin sürəti, TSEK arayışı. Ərizə ilə müraciət edildikdən sonra əlilliyin səbəbi və dərəcəsi müəyyən edildiyi tarixdən sosial müavinət təyin olunur və ödənilir.