Əlilliyin müəyyən edilməsi meyarları

Əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş  və 01 iyul 2022-ci ildən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq aparılır. Yeni tələblərə əsasən əlillik insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyası üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndirilir.

  1. özünəqulluqbacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi, gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):
  • I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
  • II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
  • III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması, onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;
  1. sərbəst hərəkətetməbacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı):
  • I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
  • II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
  • III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;
  1. istiqamətseçməbacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı):
  • I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
  • II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
  • III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması;
  1. ünsiyyətbacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):
  • I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
  • II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
  • III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
  1. davranışına nəzarətetməbacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı):
  • I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
  • II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
  • III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
  1. öyrənməbacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):
  • I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
  • II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
  • III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə həmin bacarıqları qavramaq çətinliyinin olması;
  1. əmək fəaliyyətibacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):
  • I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
  • II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
  • III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı.

Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınır və bu əsasda da əlillik təyin olunur.