- Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
- I və II dərəcə əlilliyi olan işçilər üçün iş vaxtı həftə ərzində 36 saatdan artıq olmamalıdır.
- Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir.
- İşəgötürən tərəfindən əlilliyi olan şəxslərin işləməsi üçün əlilliyi olan şəxslər üçün iş yerlərinin standartlarına cavab verən iş yeri və iş şəraiti yaradılmalıdır;
- İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
- İşçilərin ixtisarı zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə üstünlük verilməlidir.
- Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
- Əlilliyi, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan şəxslərin ərizələri əsasında işəgötürən tərəfindən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilməlidir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci,2-ci dərəcə əlilliyi olan işçilər üçün 36 saatdan artıq olmamalıdır.
- Əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
- Əlilliyin dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə ödənişsiz məzuniyyət -1 təqvim ayınadək.
- Əlilliyi olan şəxslərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
- Əmək məzuniyyəti əlilliyi olan şəxslərə öz arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.
- İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik sonunadək ödənilməlidir.
- İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyası üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.
- Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
- Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III dərəcə əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II dərəcə əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılması təmin edilir.