Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş buna səlahiyyəti olan tibb müəssisələri tərəfindən verilir. Bu müəssisələrin siyahısı ilə aşağıdakı linkə daxil olmaqla tanış olmaq olar: https://its.gov.az/uploads/law/115/677573.pdf
Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır:
- şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;
- əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra – əlillik) müddətinin bitməsi;
- peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;
- şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başa çatma vaxtından əvvəl müayinəsi;
- əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması;
- xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.
Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına (bax: http://www.e-qanun.az/framework/31771) uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.
Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.
Şəxsin saglamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komissiyasının rəyi qeyd olunur.
Doldurulmuş göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbi-həkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Protokolla rəsmiləşdirilmiş göndəriş 2 (iki) iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə (bundan sonra – Reyestr) daxil edilməlidir.
Göndəriş Reyestrə “Elektron hökumət” poltalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir.