Mənzil təminatı hüquqları

  • Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış  işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində I və ya II dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.
  • Əlilliyi müəyyən edilmiş müharibə veteranlarına əlavə bir torpaq payı verilir.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir.
  • 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil və ya fərdi evlə təmin edilirlər.
  • Mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə  I dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu ödəmirlər.
  • Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə üstünlük verilir.