Minik avtomobili və təkərli oturacaqla təminat

Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir.

Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə  uyğun olaraq təmin edilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

Minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər.

Tibbi göstərişlərdə şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir.

Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri ilə bağlı daha ətraflı məlumat üçün bu linkə daxil olmaqla əldə etmək olar.  http://www.e-qanun.az/framework/46499