Reabilitasiya müalicəsi

Əlilliyi olan şəxslərin reabilitasiya müalicəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” na müvafiq qaydada Fərdi Reabilitasiya Proqramı əsasında təmin edilir. http://e-qanun.az/framework/47276

Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.

TSEK əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji, ətraf mühit amillərinin, həyat fəaliyyətinin, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, əmək fəaliyyətinə başlama və ya davametmə, eləcə də reabilitasiya potensialını dəyərləndirir, reabilitasiya nəticələrinin proqnozlaşdırılmasını, əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələrini və xidmətini, o cümlədən sanatoriya-kurort müalicəsini müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili, maraq dairəsi və sosial statusu nəzərə alınır.

Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətlərini Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.

Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

Fərdi proqramla müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.

Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş Fərdi proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.