Reabilitasiya vasitələri ilə təchizat

Əlilliyi olan şəxslərin reabilitasiya vasitətələri ilə təchizatı ilə bağlı imtiyazları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” ilə müəyyən olunub.  http://www.e-qanun.az/framework/46499

Reabilitasiya vasitələri ilə təmin edilmə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

Yuxarıda göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini Şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.

Müraciət qəbul edilərkən və yaxud reabilitasiya vasitələrinin (minik avtomobili istisna olmaqla) hazırlanması üçün müvafiq ölçülərin götürülməsi zamanı ölçülərin götürülməsi və ya hazır reabilitasiya vasitəsinin alınması tarixi barədə Şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat verilir.

Şəxsin və ya onun qanuni nümayəndəsinin Mərkəzə gəlmək imkanı olmadıqda, reabilitasiya vasitəsi ona yaşayış yerində verilir.