“Demokratiyanı Öyrənmə” İctimai Birliyi şəhid ailələri və qazilər üçün hüquqi məlumatlılığın artırılması üzrə təlimləri başa vurub. 25-26 oktyabr 2022-ci il tarixlərində Salyan, Neftçala, İmişli və Beyləqan rayonlarında keçirilmiş təlimlər Birliyin Azərbaycan Respublikasıın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə icra etdiyi “Şəhid ailələrinin və qazilərin hüquqi müdafiəsinin gücləndirilməsi“ adlı layihə çərçivəsində baş tutub.
“Şəhid ailələrinin və qazilərin sosial təminat hüquqları” mövzusu altında keçirilən təlimdə iştirakçılar şəhid ailələrinin və qazilərin hüquqi statusu, qanunvericiliklə müəyyən edilmiş sosial hüquqları, imtiyazları və güzəştləri, onların həyata keçirilmə mexanizmləri ilə tanış olublar. Bu məsələlərlə bağlı ekspert Vüqar Hüseynov Şəhid ailələrinin hüquqları, imtiyazları və güzəştləri”, digər ekspert Mirəli Hüseynov isə “Qazilərin hüquqları, imtiyazları və güzəştləri ” mövzularında təqdimatlar ediblər. İştirakçılara həmçinin layihə çərçivəsində hazırlanmış “Şəhid ailələrinin və qazilərin sosial təminat hüquqları üzrə Bələdçi” adlı çap materialı təqdim edilmiş və onlara müstəqil şəkildə məlumatlılıqlarını artırmaq imkanı yaradılmışdır.
Daha sonra mövzular və iştirakçıları narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmış və təkliflər dinlənilmişdir. Təkliflər ümumiləşdirilərək yekunda müvafiq dövlət hakimiyyəti orqanlarına təqdim ediləcəkdir.