İşləməyən əlilliyi olan şəxslər və pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası ilə pulsuz təmin olunurlar.
İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası ilə təmin olunurlar.
Pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.
Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.