Sığorta imtiyazları

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi müddətsiz müəyyən edildikdə  həmin şəxslərə aylıq sığorta ödənişi məbləğləri cəm halda birdəfəlik ödənilir.

Sığorta olunanın əlilliyi, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası hüququ vardır. Annuitet – sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir.

Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:

  • I dərəcə əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
  • II dərəcə əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
  • III dərəcə əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz.

Müharibə əlillərinə aşağıda qeyd edilən birdəfəlik sığorta ödənişi nəzərdə tutulmuşdur:

  • I dərəcə əlilliyi olan şəxslərə – 8800 manat;
  • II dərəcə əlilliyi olan şəxslərə – 6600 manat;
  • III dərəcə əlilliyi olan şəxslərə – 4400 manat.

Əlilliyi müəyyən olunmuş şəxs əlillik dərəcəsi barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışını “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etdikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.