Sizin suallarınız

Sizdən gələnlər

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində ixtisasları (peşələri) və peşəkarlıq səviyyəsi eyni olan, ixtisar zamanı işdə saxlanmağa üstünlük hüququna malik işçilərin dairəsi əhatə olunub. Bu kateqoriyadan işçilər arasında həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər də qeyd olunub. Əgər əlilliyiniz çalışdığınız müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində müəyyən olunubsa, onda ixtisar zamanı işdə saxlanmağa üstünlük hüququna maliksiniz. Yox əliliyiniz ümumi səbəblərdən müəyyən olunubsa, o zaman bu müddəalar sizə şamil olunmur.

Bəli. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş onkoloji xəstələrin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası almaq hüququ vardır. Buradan məlum olur ki, əgər sizin əmək pensiyası almaq hüququnuz yoxdursa, onkoloji xəstə olduğunuz üçün sosial müavinət almaq hüququnuz vardır.

Xeyr! Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1232 saylı Fərmanı ilə yalnız ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər.

Bəli. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə görə başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Xeyr! “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən onkoloji xəstəliklə əlaqədar işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.

Bəli əmək məzuniyyətinə çıxa bilərsiniz və bu zaman əmək məzuniyyətinizin müddəti 42 təqvim günündən az olmayaraq verilir. Belə ki, AR Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə görə orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Həmin Məcəllənin 131-ci maddəsinin 4-cü hissəsinin “ə” bəndinə əsasən əlilliyi olan şəxslərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüquqları vardır.

Xeyr! Əksinə bu məsələdə sizin bu kateqoriyaya aid olmayan şəxslərlə müqayisədə üstünlük hüququnuz vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Bəli! Nəninki özünüməşğulluq proqramına qoşula bilərsiniz, hətta əlil olmağınız buna üstünlük hüququ verir. Çünki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.9-cu maddəsinə görə, özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Bininci sualınıza cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətinin tam itirilməsi tibbi-sosial ekspert komissiyasının qərarı ilə müəyyən edilir. Əgər əmək qabiliyyətini ən azı 1 il müddətinə itirmisinizsə, o halda orqanizminizin funksiyalarının pozulması faizinə uyğun olaraq sizə əlillik təyin edilməlidir. Əmək qabiliyyətinizi 6 aydan az müddətinə müvəqqəti itirmisinizsə, bu halda iş yeriniz və vəzifəniz saxlanılmaqla, sizə ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət hesablanır və ödənilir. İkinci sualınıza gəldikdə isə, bu məsələlər həm AR Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarı ilə təsdiq edilmiş  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə həll edilir. Həmin qanunvericilik aktlarına əsasən, sizə ödəniləcək müavinət aşağıdakı qaydada hesablanr: əmək qabiliyyətinizi müvəqqəti itirdiyiniz aydan əvvəlki son 12 təqvim ayı ərzindəki qazancınız həmin dövrdəki iş günlərinin sayına bölünür və bir iş gününə düşən orta gündəlik qazancınız tapılır, bundan sonra isə sosial sığorta stajınızdan asılı olaraq orta gündəlik müavinət müəyyən edilir və o da xəstəlik nəticəsində buraxılmış iş günlərinin sayına vurularaq xəstəliyə görə müavinətin ümumi məbləği müəyyən edilir və ödənilir.

Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən aşağıdakı səbəblərlə əlilliyi olan şəxslər tibbi göstəriş olduqda pulsuz minik avtomobili ilə təmin olunurlar: 1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2. 1990-cı ilin 20 yanvar hadisələri ilə əlqədar; 3. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədər; 4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. Qeyd etmək lazımdır ki, mənzil xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə növbəli, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə isə növbədənkənar qaydada verilir. Burada əsas şərt qeyd etdiyim kimi, şəxsin minik avtomobili təminatı üçün tibbi göstərişlərin mövcud olmasının müəyyən edilməsi ilə bağlıdır. Əgər qeyd edilən normativ aktların təsiri altına düşürsünzsə və müvafiq tibbi göstərişlər mövcuddursa, o zaman sizə pulsuz minik avtomobili verilə bilər.

Bəli. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələri, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərlə yanaşı əlilliyi müəyyən edilmiş müharibə veteranlarına da əlavə bir torpaq payı verilir. Bundan əlavə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Qısaca olaraq qeyd etmək istərdim ki, ümumiyyətlə müharibədə əlilliyi müəyyən edilmiş şəxslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada istər torpaq sahəsinin əldə olunmasında, istər dövlət hesabına mənzillə təminat, o cümlədən arzuladığı halda fərdi yaşayış evi ilə təmin edilmək və bu kimi bir çox hüquqlara malikdirlər.

Xeyr! Əvvəllər “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndində belə bir hüquq müəyyən edilmişdi. Həmin bənddə deyilirdi: “Çernobıl qəzası nəticlərinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, habelə Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, hər uşaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir”. Məsələ burasındadır ki, 11 iyun 2021-ci il tarixli, 345-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi ləğv edilmiş, həmin bənd Qanunun mətnindən çıxarılmışdır. Beləliklə, nəlum olur ki, hazırda heç bir Çernobıl əlilinin övladı, o cümlədən siz belə bir hüquqa malik deyilsiniz.

Bu kateqoriyadan olan şəxslərin sosial müdafiə ilə bağlı bir çox hüquqları mövcuddur və həmin hüquqlar “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilib.

Belə ki, həmin Qanunun 9-cu maddəsində bu şəxslərin aşağıdakı sosial müdafiə hüquqları nəzərdə tutulub: əmək qabiliyyətini itirən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırmaq, uyğun hallarda əlilliyinin müəyyən edilməsi hüquqlarına malikdirlər. Həmin xəstəliyə tutulmuş 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərin əlilliyi müddətsiz müəyyən edilir. Bundan əlavə, əlillik müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müvafiq qanunlara uyğun olaraq sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququ vardır. Eyni zamanda qeyd edilən xəstəliyə tutulmuş işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta aylıq əməkhaqqının məbləği əsasında hesablanır və sair.

Sualınızı soruşun