Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilər.
Əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir.
İşçilərin ixtisarı zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər üstünlüyə malikdirlər.
Əlilliyi olan işçilərin əmək məzuniyyətinin müddəti 42 təqvim günündən az ola bilməz.
I dərəcə əlilliyi olan şəxslər pulsuz minik avtomobili ilə təmin olunurlar.
Əlilliyi olan şəxsə verilmiş minik avtomobilini idarə etmək hüququ həm əlilliyi olan şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir.
Əlilliyi olan şəxslər əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan dərman preparatlarının siyahısında nəzərdə tutulmuş dərman preparatları ilə dövlət tibb müəssisələrində təşkil edilmiş apteklərdən pulsuz təmin olunurlar.
Əlilliyi olan şəxslər pulsuz tibbi xidmətlə dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində icbari tibbi sığorta vəsaitləri hesabına təmin olunurlar.
İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına, işləyən əlilliyi olan şəxslər DSMF-nin vəsaiti hesabına, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.