Vergi imtiyazları

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə müharibə səbəbilə istənilən dərəcə əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində  azaldılır.  Misal:  Müharibə səbəbilə əlilliyi olan şəxsin  hər hansı muzdlu işdən aylıq gəliri 600 manat məbləğindədir. Aylıq gəlir 400 manat məbləğində azaldılır, nəticədə 200 manatdan gəlir vergisi tutulur. 600-400 =200   200* 14/100= 28 (14 % gəlir vergisi) 28 man gəlir vergisi.

I və II dərəcə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. MisalI və II dərəcə əlilliyi olan şəxsin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 500 manat məbləğindədir. Aylıq gəlir 200 manat məbləğində azaldılır, nəticədə 300 manatdan gəlir vergisi tutulur. 500-200=300    300*14/100=42 (14% gəlir vergisi)  42 man gəlir vergisi. 

Əməkhaqqından tutulan vergi hesablanarkən əlilliyi olan fiziki şəxslərin sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4. bəndinə görə I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər qeyd edilən vergi imtiyazlarından istifadə etmək üçün 1) I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı; 2) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; 3) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışını təqdim etməlidirlər.

Həmin sənədin 1.9-cu bəndinə gprə isə müharibə əlili olmayan I və II qrup əlillər isə güzəşt hüququndan istifadə etmək üçün: 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin  arayışını və; 2) tibbi-sosial ekspert komissiyasının qərarını təqdim etməlidirlər.

Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır.