AZƏRBAYCANDA ƏLİLLİYİN TƏYİN EDİLMƏSİ İLƏ BAĞLI YENİ HÜQUQİ MEXANİZMLƏRİN TƏTBİQİ SAHƏSİNDƏ VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ HESABAT

Əlilliyi olan şəxslərin cəmiyyət həyatında iştirakının maneəsiz təmin edilməsi, onların sosial-iqtisadi, mədəni, siyasi hüquqlarının təmin edilməsi beynəlxalq birliyin, eləcə də ayrı-ayrı dövlətlərin prioritet saydığı məsələlər sırasındadır. Dünya Səhiyyə Təşkilatının yanaşmasına görə, “əlillik” anlayışı fərdin vücudunda duyğu, funksional, əqli və mənəvi fərqlərdə özünü göstərməklə həyatın bir çox sahələrində müxtəlif səviyyədə məhdudiyyət və maneələrlə üzləşmə vəziyyətini ifadə edir.

Bu kateqoriyadan olan insanların sayı kifayət qədər çoxdur.  Dünya Səhiyyə Təşkilatının  son statistikasına[1] görə, 2022-ci ilin sonuna dünyada hər 6 nəfərdən biri və ya ümumi əhalinin 16%-i (təxminən 1,3 milyard  nəfər) əhəmiyyətli dərəcədə əlilliyə sahibdir. Təşkilat bildirir ki, bəzi əlillik qrupları üzrə ömür müddəti əlilliyi olmayan insanlarla müqayisədə 20 il azdır. Bu, əlilliyi olan şəxslərdə depressiya, astma, diabet, insult, piylənmə və s. kimi xəstəliklərin inkişaf riskinin orta hesabla 2 dəfə yüksək olması ilə bağlıdır. BMT-nin 2006-cı ildə qəbul etdiyi (Azərbaycanın 2008-ci ildə ratifikasiya etdiyi) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya[2] görə, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlaməti üzrə heç bir ayrı-seçkiliyə yol verilmədən, mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə malik olmaq hüququnu tanıyır, bu şəxslərin gender xüsusiyyətlərini, eləcə də sağlamlığa görə reabilitasiya imkanlarını nəzərə almaqla, səhiyyə xidmətlərindən istifadə etmələrini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Xüsusilə də əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması ilə bağlı zəruri olan səhiyyə xidmətlərinin təqdim olunması üçün erkən diaqnostika əsasında uşaqlar və yaşlılar arasında əlilliyi minimuma endirmək kimi xidmətlərin genişləndirilməsi vacib hesab edilir.

hesabatı yüklə